İş icazəsi yerli şirkətlərə öz biznes fəaliyyətlərinə əcnəbi işçi cəlb etmək hüququ verən rəsmi icazə növüdür. Belə ki, qanunvericiliyə əsasən yerli şirkətlər xarici vətəndaşları işə götürməzdən əvvəl mütləq şəkildə onlar üçün iş icazəsi almalıdırlar.
Biz bu bloq yazımızda iş icazələrinin alınması ilə bağlı tələblər və hüquqi prosedur ilə əlaqədar faydalı məlumatları sizinlə bölüşəcəyik. Əlavə olaraq, qeyd edək ki, əgər sizə öz biznes fəaliyyətinizə xarici işçi cəlb etmək üçün iş icazəsi alınmasına dair hüquqi xidmətlər gərəklidirsə bizə müraciət edə bilərsiniz.
İş icazəsi almaq hüququ olan şəxslər
Mühüm olduğu üçün qeyd edək ki, qanunvericiliyə əsasən Azərbaycanda əcnəbi fiziki şəxslər özləri iş icazələrinin alınması üçün müraciət etmək hüququna malik deyildir. Belə ki, əcnəbi işçilər barəsində iş icazəsi almaq üçün müraciət etmək hüququ yalnız yerli şirkətlərə və fərdi sahibkarlara məxsusdur. Daha aydın desək, yalnız yerli biznes subyektləri işə götürmək istədikləri əcnəbi işçi üçün iş icazəsi alınmasına dair müraciət edə bilər.
Qanunvericiliyə əsasən 18 yaşı tamam olmuş istənilən fəaliyyət qabiliyyətli əcnəbi Azərbaycanda iş icazəsi aldıqdan sonra işləyə bilər. Ancaq, bunu elə başa düşmək lazım deyil ki, biznes subyektləri istənilən əcnəbi üçün asanlıqla iş icazəsi alaraq onunla əmək müqaviləsi bağlaya bilər. Qeyd etməliyik ki, qanunvericilik əcnəbilər üçün iş icazəsi alınması ilə əlaqədar bir sıra əlavə tələblər müəyyənləşdirmişdir. Belə ki, işə götürülməsi planlaşdırılan əcnəbi müvafiq vakansiya üzrə təhsilə və müvafiq göstəricilərə malik olmalıdır. Həmçinin müvafiq vakansiya üzrə yerli əmək resurslarından istifadə etməklə əməkdaş cəlb etmək imkanları məhdud olmalıdır.
İş icazəsi almaq və onun müddətinin uzadılması ilə bağlı hüquqi prosedur
Azərbaycan Respublikasında iş icazəsi Dövlət Miqrasiya Xidməti tərəfindən verilir və onun müddəti uzadılır. İş icazələrinin alınması üçün həm oflayn, həm də onlayn qaydada müraciət etmək mümküdür. İş icazəsi alınması ilə əlaqədar müraciət etmək üçün sadəcə olaraq müvafiq sənədlərin toplanması, hazırlanması və aidiyyatı üzrə müraciət edilməsi yetərlidir. Qeyd edək ki, iş icazələri 10-20 iş günü ərzində təqdim olunur və müvafiq olaraq iş icazələrinin verilməsi ilə əlaqədar dövlət rüsumları da 1000 AZN-dən 1400 AZN-dək dəyişir.
Azərbaycan Respublikasında iş icazəsi qanunvericiliyə uyğun olaraq 1 il müddətinə verilir. Ancaq, təbii olaraq işəgötürən daha qısa müddət üçün də iş icazəsi alınması ilə əlaqədar müraciət edə bilər. Əlavə olaraq qeyd edək ki, həmçinin iş icazələrinin etibarlılıq müddəti hər dəfə bir ildən çox olmayan müddətə uzadıla bilər. İş icazələrinin etibarlılıq müddətinin uzadılması üçün onun etibarlılıq müddətinin bitməsinə azı 30 gün qalmış müraciət olunması tələb olunur.
Faydalı olacağını düşündüyümüzdən qeyd edək ki, işəgötürən işə götürülməsi planlaşdırılan əcnəbi ölkə ərazisində olmasa belə onun üçün iş icazəsi alınması ilə əlaqədar müraciət etmək hüququna malikdir. Belə olan halda iş icazəsi alınan xarici vətəndaş ölkəyə gəldikdən dərhal sonra əmək faəliyyətlərinin icrasına başlaya bilər.
İş icazəsi alınması üçün tələb olunan sənədlər
İş icazəsi almaq və onun müddətinin uzadılması üçün aşağıdakı sənədlərin toplanması və Dövlət Miqrasiya Xidmətinə təqdim olunması tələb olunur:
- Ərizə forması;
- İşə götürülməsi planlaşdırılan əcnəbinin passportunun surəti;
- Əcnəbi işçi cəlb olunması zərurətini əsaslandıran arayış;
- Təhsil haqqında sənəd;
- Şirkətin təsis sənədlərinin notarial təsdiq olunmuş surəti;
- İş icazəsi sertifikatı (yalnız uzatma üçün).
İş icazəsi almaq üçün necə müraciət etməli
Azərbaycanda xarici vətəndaş barəsində iş icazəsi almaq üçün şirkətlər və fərdi sahibkarlar aşağıdakı addımları izləməlidirlər:
- İlkin olaraq, əmin olun ki, müvafiq vakansiya üzrə yerli əmək resurslarından istifadə etməklə işçi tapmaq imkanları məhduddur. Belə ki, işəgötürənlər yalnız o halda əcnəbi işçiləri işə götürə bilərlər ki, həmin sahə üzrə yerli işçi tapmaq imkanları məhdud olsun.
- İkincisi, tələb olunan bütün sənədlərin qaydasında olduğundan əmin olun. Xüsusilə də «Əcnəbi işçinin cəlb olunması zərurətini əsaslandıran arayış»ın müvafiq tələblərə uyğun doldurulması zəruridir.
- Üçüncüsü, artıq siz xarici vətəndaş üçün iş icazəsi alınması üçün müraciət edə bilərsiniz. Sadəcə olaraq sizdən toplanmış sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim etmək tələb olunur. Yuxarıda da qeyd etdiyimiz kimi, iş icazələrinin təqdim olunması ilə bağlı müddətlər sizin istəyinizdən asılı olaraq 10 gündən 20 günədək dəyişə bilir. Bu müddətin sonunda sizə İş İcazəsi Sertifikatı (Sertifikat) təqdim olunacaqdır.
-
Son olaraq, artıq əmək müqaviləsi bağlaya bilərsiniz. Xarici vətəndaş üçün iş icazəsi aldıqdan sonra siz onunla əmək müqaviləsi bağlayaraq onu əmək fəaliyyətinə cəlb edə bilərsiniz. Biz iş icazəsi almadan əcnəbi işçini əmək fəaliyyətinə cəlb etməmək barədə sizi xəbərdar edirik. Bu əməl inzibati xəta olmaqla, İnzibati Xətalar Məcəlləsinə əsasən bununla bağlı 20 000 AZN-dək cərimə müəyyən olunmuşdur.
Əcnəbilər üçün iş icazəsi alınması tələb olunmayan hallar
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsinə əsasən aşağıdakı kateqoriya əcnəbilər üçün iş icazəsi alınması tələb olunmur:
- Azərbaycanda daimi yaşayış icazəsi olan şəxslər;
- Azərbaycan Respublikası vətəndaşı ilə evli olan əcnəbilər;
- Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan əcnəbilər;
- Beynəlxalq təşkilatların işçiləri;
- Səfirlik və konsulluqların işçiləri;
- Müvafiq icra hakimiyyəti tərəfindən işə götürülmüş şəxslər;
- Siyasi sığınacaq almış və ya almaq üçün müraciət etmiş şəxslər və s.
İş icazəsi alınması üçün hüquqi xidmətlər
İnanırıq ki, bu bloq yazımız iş icazəsi almaq istəyən yerli şirkətlər üçün faydalı məlumatları özündə əhatə etmişdir. Həmçinin qeyd edək ki, əgər sizlərə əcnəbi işçini işə götürmək üçün iş icazəsi alınması ilə bağlı hüquqi xidmətlər gərəklidirsə bizə müraciət edə bilərsiniz.